Al-qırmızı zoğal
Al-qırmızı zoğal (lat. Cornus sanguinea) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Cənubi Avropada, Baltikyanı ölkələrdə təbii halda bitir.
== Botaniki təsviri ==
Hündürlüyü 4-6 m-ə çatan, düz gövdəli, şaxələnmiş və ya sallaq budaqlı kol və ya ağacdır. Cavan zoğları çılpaqdır, əvvəlcə yaşıl, sonra qonur-qırmızı rəngli olur. Yaşıl zoğları boz-qırçınlıdır. Yarpaqları saplaqlıdır, uzunluğu 2-9,5 sm, eni 6 sm-ə qədərdir, üst tərəfdən parlaqyaşıl, alt tərəfdən solğundur, hər iki tərəfdən sıx qısa, iki yerə bölünmüş tükcükləri olduğuna görə kələ-kötürdür, yumurtaşəkilli-ellipsvari və ya ellipsvari, qısa sivri sonluqludur; yarpağın qaidə hissəsi dəyirmi və ya enli-pazşəkillidir; yan damarçıqlar hər tərəfdən 4-5 ədəd yerləşmişdir. Çiçək qrupu çox vaxt yastı olur, eni 6 sm-ə qədərdir, çiçək qrupunun saplaq və budağı sıxılmış tüklüdür. Ləçəkləri 5-6 mm uzunluqdadır və neştərtvari formada olub, xaricdən tüklüdür. Çiçəklənməsi may-iyun aylarına təsadüf eləyir.